"Güclü lobbiçilik üçün bir sıra yollar aranmalıdır”
Azərbaycanın dünyada hərtərəfli tanıdılmasında diaspor təşkilatlarımızın və onların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Son zamanlar müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə tez-tez həmsöhbət olub və onların həyata keçirdiyi layihələrlə yaxından maraqlanırıq. Bu tanışlıqlar zamanın onların Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyinin şahidi oluruq. Fəaliyyətində qeyd etdiyimiz meyarları əsas götürən belə təşkilatlardan biri də Azərbaycan- Belçika Dostluq Cəmiyyətidir. Bizdə virtual olaraq ABDC-nin sədri Ayxan Dəmirçi ilə əlaqə yaratdıq və sullarımıızı ona ünvanladıq.
-İlk olaraq özünüzü bizə tanıdın..
-Mən, Ayxan Dəmirçi Türkiyənin İqdır şəhərində anadan olmuş azərbaycanlıyam. Doğulduğum şəhərdə təhsilimi başa vurduqdan sonra bir neçə il Türkiyədə işləmişəm. 1980-ci ildə Belçikaya getdim. Artıq 30 ildən artıqdır ki, burda yaşayıram. Bu şəhərə gəlməkdə əsas məqsədim təhsil almaq idi. Belçikaya gəldikdən bir neçə ay sonra təşkilati işlə məşğul oldum və bu gündə bu işimi davam etdirirəm. Xoşbəxt ailəm, üç övladım var.
-ABDC nə vaxt yaranıb və əsas fəaliyyət istiqaməti nədir?
-İlk əvvəl fəaliyyətə Azərbaycan mədəniyyət dərnəyi kimi başladıq. Və 1999-cu ildən bu günə kimi isə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti adı altında fəaliyyət göstəririk. Onu da qeyd edim ki, bu birliyimizi Belçikanın müxtəlif şəhərlərində yaşayan dostlarımızla birgə yaradıb qurmuşuq. Sözügedən birliyi yaratmaqda əsas məqsədimiz Azərbaycanı və azərbaycanıların mədəniyyət və adət-ənənələrini Avropada yaşatmaq və əcnəbilərə çatdırmaq olub. Əsas məqsədimiz müstəqillik əldə etdikdən sonra, Azərbaycanın varlığını, mədəniyyətini, qarşılaşdığı problemləri və üzləşdiyi haqsızlıqları Avropaya müxtəlif vasitələrlə çatdırmaq və onların bu işlər haqda həqiqətləri bilməsinə rəvac verməkdir.
-Ümumilikdə bu gün Belçikada nə qədər azərbaycanlı yaşayır?
-Türkiyə azərbaycanlısı da daxil olmaqla, ümumilikdə orada dörd minə yaxın azərbaycanlı yaşayır. Bunların 150 ailəyə qədəri şimaldan olan azərbaycanlılardır. Sayı tam məlum olmasa da, bunlar arasında Cənubi Azərbaycandan da olan ailələr də var. Azərbaycanlıların daha çox yaşadıqları şəhərələr Brüssel, Liyəs, Antvərpən, Məchələn, Bernigendir. Təhsilə gədikdə isə, azərilər yaşadıqları şəhərlərdə yaxşı təhsil verən məktəblərdə və bir sıra şəhərlərdə olan öncül universitetlərdə təhsil alırlar.
-Diaspor Komitəsi və ya Dünya Azırbaycanlıları Konqresi ilə əlaqələriniz varmı?
-Əvvəllər Diaspor Komitəsi ilə əlaqələrimiz vardı. İndi isə komitə ilə heç bir əlaqə və dialoqumuz yoxdur. Ancaq Dünya Azərbaycanları Konqresi ilə əlaqələrimiz var.
-Belçikada yasayan soydaşlarımızın ana dilində təhsil alması üçün Bazar günü məktəbləri varmı?
-Belçikada yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün hər hansı bir məktəb və özəl olaraq dərs aldığı Bazar günü məktəbi yoxdur. Düzdür, bir müddət əvvəl bu barədə düşündük və fikir mübadiləsi apardıq, ancaq reallaşdırmaq mümkün olmadı. Səbəb isə məktəbyaşlı uşaqların az olması və ayrı-ayrı şəhərlərdə yaşamasıdır. Amma indi Belçikada Azərbaycan dilində məktəb və hər hansı özəl dərs günləri-kurslar ola bilər. Çünki keçmişə nisbətən bu gün azəri əsilli məktəb yaşlı gənclərin sayı çoxdur.
- Azərbaycanla bağlı materialları hardan əldə edirsiniz?
- Azərbaycanla bağlı kitab, buklet bə digər məlumatları yaxınlarımızdan alırıq. Eyni zamanda özümüz də fərdi şəkildə dialoq qurduğumuz dostlardan Azərbaycanla bağlı məlumatlar əldə edirik. Belçikadakı səfirliyimiz və Azərbaycanın bəzi dövlət qurumlarında tanıdıcı və məlumatverici kitablar bizə təqdim edilir. Amma əldə etdiyimiz bu materiallar Azərbaycanı tanıtmaq üçün kifayət etmir və bu sahədə çatışmazlıqlarımız var.
- Belçika rəsmi dairələri təşkilatınıza kömək edirmi?
-Belçika rəsmi dairələri az da olsa, diaspor təşkilatlarının həyata keçirdiyi layihələrə kömək edirlər. Amma biz rəsmi dairələrin bu imkanlarından faydalanmırıq. Təşkilatımızın maliyyə dəstəyini 2003-cü ildən çətində olsa öz imkanlarımız hesabına həll edirik.
-Milli bayramlarımızı orda necə qeyd edirsiniz?
-Maliyyə imkanlarımız çox olmasa da, həmişə çalışırıq ki, milli bayramlarımızı yaxşı təşkil edən və hər kəs də maraq yaradaq.
-Maraqlıdır, yaşadığınız ölkə vətəndaşlarının Azərbaycan haqda məlumatları hansı səviyyədədir və onları daha çox nə maraqlandırır?
-Berçikalıların Azərbaycan haqqında geniş məlumatları olmasa da, ancaq Azərbaycan haqqında məlumatları olanlar da var. Səmimi olaraq deyim ki, belçikalılar Azərbaycanı o qədər də tanımırlar, amma son illər bizim təşkilatın və Belçikadakı səfirliyimizin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycanı daha çox tanıyırlar. Məlumdur ki, heç nə öz-özlüyündə tanınmır, tanıdılma üçün kampaniyalar, nəşrlər, televerilişlər hazırlanmalıdır. Bu qeyd etdiyim layihələri geniş şəkildə həyata keçirmək üçün yekdilliklə düşünməliyik. Ümid edirəm ki, biz birləşsək və bu istiqamətdə birgə iş aparsaq, uğur əldə edəcəyik. Onu da qeyd edim ki, belçikalıların daha çox maraq göstərdiyi əsas sahə turizmdir. Azərbaycan yeni müstəqillik qazanmış ölkə kimi belçikalıların marağını çəkir. Bunun üçün maraqlı layihələr həyata keçirməklə belçikalılarda Azərbaycan haqqında maraq yaratmaq olar.
-Başqa ölkədə olan diaspor təşkilatları ilə əlaqələriniz varmı?
-Əlbəttə, başqa ölkələrdə olan bir sıra diaspor təkilatları ilə də əlaqələrimiz və müxtəlif məsələlər üzrə dialoqlarımız var. Eyni zamanda birgə layihələrimiz olduğu və mütəmadi olaraq əlaqə saxladığımız və bir-birimizə daim yardım etdiyimiz təşkilatlarda var.
-Orda yaşayan soydaşlarımızın əsas problemi nədir?
-Hazırda Belçikada yaşayan soydaşlarımızın başlıca və əsas problemləri bunlardır: işsizlik, mühitə uyğunlaşmamaq, dil və sosialyönlü problemlər.
-Diaspor sahəsində hansı yenilikləri görmək istərdiniz?
-Diaspor sahəsində görmək istədiyim yeniliklər əslində çoxdur, amma bunlardan bəzilərini söyləyəcəyəm. Birincisi fəal və şüurlu çalışmaq, diasporu təmsil edəcək şəxsi düzgün seçmək lazımdır. Yəni, faydalı, fəal, bilikli, ağıllı, karyeralı və insanların yaxşı tanıdığı bir adam olmalıdır. Fəaliyyəti çoxşaxəli olmalıdır və Avropanın müxtəlif yerlərində tədbirlər təşkil etməlidir. Məsələn, bu tədbirlər universitetlərdə, Avropa qurumlarında olmalıdır. Azərbaycanın güclü lobbiçiliyi üçün bir sıra yollar aranmalıdır. Ölkə xaricində yaşayan soydaşlarımızla daim geniş dialoqlar qurulmalı, birlik və bərabərlik saxlanmalıdır. Bəzi ayrıseçkiliklər aradan qaldırılmalı və diaspor təşkilatları da tərəfsiz olaraq fəaliyyət göstərməlidir.
-Təşkilatınızın saytı və mətbu orqanı varmı?:
-Hazırda təşkilatımızın mətbu orqanı vı ya saytı yoxdur. Bizim təşkilatın əvvəlki yerləşdiyi ünvan Bürüsseldə idi. Bu ünvan yaşadığımız bölgəyə uzaq idi. Bu da işlərimizə mane olurdu, onun üçün Bürüsseldə olan birliyimizi bağlayıb indi yaşadığımız yerdə birliyimizi qurduq. İndi yeni məkana köçdüyümüzdən sayt və mətbu orqanımız hələ ki yoxdur. Amma yaxın gələcəkdə olacaq. Ancaq birgə çalışdığımız sayt və mətbu orqan var.
-Bakıya tez-tezmi gəlirsiniz?
-Bakıda bir bir neçə dəfə olmuşam. İki ildən artıqdır ki, gəlmirəm. İnşəallah yaxınlarda gəlməyi düşünürəm .Bir neçə tədbirimiz var, onları gerçəkləşdirdikdən sonra gələcəyəm. Bakı gözəl və "şirin” bir şəhərdir. Bakı mənim çox sevdiyim şəhərdir. Amma məni Bakı ilə bağlı bir məsələ narahat edir ki, şəhərdə çoxlu göydələnlər tikilir. Bu da şəhərin mənzərəsini və gözəlliyini pozur. Amma Bakı gözəl şəhərdir, insanları da, yeməkləri də çox gözəldir. Azərbaycanın hər bir yerinin öz gözəlliyi var. Əslində dediklərim bununla bitmədi, çox deyiləsi sözlərim var... Sizin vasitənizlə bütün Azərbaycan xalqına salamlarımı yetirirəm.
GÜNAY
http://www.paritet.az/diaspor/1199.html
|