Bu gün Babəkin- azad Türk ruhunun
edam günüdür.
Ərəb tarixçilərinin anlatdığına
görə Xürrəmilər hərəkatı dönəmində 550 min insan həlak olub. Bu qədər ölümlər bir
Türk başbəyinin "bir gün azad yaşamaq” ideyası sonucunda baş verib. "Azadlıq
qurban tələb edir kimi” klassik düşüncələrə qarşıyam. Azadlıq azad ruhlu, kirlənməmiş,
inandığı dəyərləri həyata keçirməyi özünə yükümlü hesab edən öndərin rəhbərliyi
olarsa mümkündür. Babəki qüdrətli edən onun qoşunu yox, onun sadəcə özü, daşıdığı
inanc və dəyərlər idi. Əgər qüdrət onun adamlarında olsa idi, 20 minə yaxın
düşmənini öldürən cəlladı Nudnud ona xəyanət etməzdi. Doğrudur, Babəkin
ətrafında Tarkan, Noktay, Azin kimi güclü sərkərdələr vardı, amma onlara bu
gücü verən yenə də Babəkin şəxsiyyəti idi. Ərəb yazıçısı Curci Zeydan "Fərqanə
gəlini” romanında mənfi obraz kimi götürdüyü Babəkin sadəcə iki qüsurunun
olduğunu göstərir: qadın və şərab. Yazıçı Babəkin özünü isə bu cür anladır:
"Qamətini şax tutardı, hətta yerə saldığı bir şeyi əyilib götürmək istəsəydi
belə, bədəninin əzələləri ona baş əyməzdi”.
Öz bədəninin
qarşısında baş əyməsini istəməyən bir öndər xalqının kölə olmasına razı
olardımı? Bu gücü ona verən nə idi? İyirmi ildən çox ortodoks islama dirənən
xürrəmilik, şirvinçilik nə idi? Babəkiliyi heteredoks islama bağlayanlar sadəcə
onun mübarizə apardığı xilafətin ortodoks olması ilə əsaslandırırlar. Çünki
Babək üsyanına qədər hakimiyyətə baş qaldıran hərəkatlar məhz heres məzhəblərin
davamçıları olmuşlar. Xürrəmi inancının zərdüştiliklə əlaqələndirilməsi də
doğru deyil, çünki IX əsrdə Azərbaycanda əski dinimizin artıq sosial dayağı
qalmamışdı. Xristianlıq isə Alban hökmdarı Mömin III Vaçaqanın bütün səylərinə
baxmayaraq regionda nüfuz qazana bilmədi. Yeganə doğru variant Saleh İldırımın
konsepsiyasıdır: Babəkilər əski türk gələnəklərinə bağlı olan şamançı idilər.
S.İldırım yazır: "Xürrəmilərin inanclarına gəlincə Cavidanın ruhu Babəkdə zuhur
edir. Simvolik olaraq iki mənəvi qüvvəyə-ruha, ağ və qara, işıqlıq və qaranlıq
ruhuna inanırlar. Başqa dinləri rədd ya
təhqir etmirlər. Bütün dinlərin tərəfdarları öz dini mərasimlərində
azaddırlar”. Babək şaman olduğuna görə anasının adı Börümənd idi. Şamançı
olduğu üçün edam zamanı sonuncu sözü Asena idi.
Xürrəmilər üçün din və ya
millət fərqi yox idi. Babəkin ordusunda xilafətin zülmündən bezən müsəlmanlar
da var idi. Babəkin ordusuna qatılmaq istəyənlərə sadəcə bir şərti vardı: Azad
olmaq istəsin və azadlığın qarşısında şər qüvvə kimi dayanan xilafətə nifrət etsin.
Orta əsrlərin saray
tarixçiləri yazır ki, Xürrəmilərdə məzdəkilər kimi qadınlar ümumi idi, ildə bir
dəfə qaranlıq yerdə bir-birinin qadınını tutaraq həmin gününü onunla
keçirərdilər. Həqiqətdə isə, tarix başqa bir söz deyir. Cavidanın qadınının parçalanmış
xürrəmi icmalarını birləşdirmək üçün həyata keçirdiyi siyasi taktikanı həmin
dövrün heç bir şərq qadını edə bilməzdi. Xürrəmilərdə qadın hüququ vardı, həm
siyasi anlamda, həm cinsəl münasibətlərdə. Əgər xəlifə Mötəsim Babəkin və digər
üsyan qaldıran iki başçının qızlarının bakirəliyini pozaraq bunu Allahdan
verilmiş lütf hesab edirdisə, hansı tərəfin qadına hüquq verdiyini artıq siz
müəyyənləşdirin. Bir sıra intenet forumlarında Bəzz qalasında azan oxunması ilə
bağlı cəfəng fikirlərə də rast gəlinir. Hətta Babəkin şiə olması da iddia
olunur. Bu sadəcə Güney Azərbaycanda azadlıq hərəkatının öndəri kimi Babəkin
götürülməsi ilə bağlıdır. Yəni ay türklər, görürsünüz Babək də şiə olub, ortaq
dəyərimizdir. Ənənəvi fars riyakarlığı.
Bu gün əsas olan nə
mutlu Türküm demək deyil, nə mutlu azad türkəm deməkdir. Afşin də Türk idi.
Babəki əsir aldığı üçün qiymətli xələtlərdən, qızıl taclardan tutmuş nə qədər
mülk əldə etdi, amma axırı həbsxanada zəlil gündə qalaraq acından öldü. Tarixə
isə xürrəmiləri məğlub edən Afşin deyil, məhz Babək keçdi.
|